HomeHome  RegisterRegister  Log inLog in  

 

 New Age - ”Yeni Era”

Go down 
AuthorMessage
ADMiN
Admin
Admin
ADMiN

Cinsiyyəti : Male İsmarıc sayı : 217
Şəhər/Ölkə : Bakı/Azərbaycan
İşi/hobbisi : Parapsixologiya, astral səyahət, fenomenal qabiliyyətlər və kompüterlə maraqlanıram.
Ovqat : 99,9999......% yaxşı.
Qeydiyyat tarixi : 2008-07-31

New Age - ”Yeni Era” Empty
PostSubject: New Age - ”Yeni Era”   New Age - ”Yeni Era” Icon_minitimeMon Aug 04, 2008 5:18 pm

Nyu-eyc (New Age - ”Yeni Era”) müxtəlif mistik cərəyanların ümumi adıdır. Həmçinin “Yeni Era”, “Dolça Erası", “Yeni Əsr” adlanır. II Dünya savaşından sonra teosofiya əsasında yaranıb. XX əsrin 70-ci illərində çiçəklənmə dövrünü yaşayıb. XX əsrdə ilk növbədə qərb ölkələrini bürümüş mədəniyyət, din, fəlsəfə və elmdə yaranmış bu hərəkat aşağıdakı xüsusiyyətlərə malikdir:
- ruhani axtarışlarda individual dünyagörüşünün (dünyanı qavrama) əhəmiyyətinin artması;
- müxtəlif kökənli mədəniyyətlərin, dini və elmi ənənələrin qarışdırılması;
- formalaşmamış bilgi və texnologiyaların populyarlaşması (kütləviləşməsi).

Nyu-eyc hərəkatının
tərkib hissələri

Nyu-eyc cürbəcür fəaliyyət növlərində özünü göstərir. Xüsusilə,
- dinlərin modernləşməsi, yeni dinlərin, sekta və mistik qrupların yaranması, sinkretik fəlsəfi axınların yaradılması;
- tibbi və tibbə yaxın fəaliyyət, loğmanlıq;
- sağlamlaşma texnologiyası, gimnastika, güləş növləri;
- meditasiya, psixotexnologiya və psixotreninqin təşkili;
- bədii və kütləvi ədəbiyyat, musiqi və mahnı, təsviri incəsənət və estetika;
- mistik mərasimlər, məntiqçilik və falabaxmalar;
- elmi, elmə yaxın və psevdoelmi fəaliyyət.

Nyu-eycin tarixi

“Nyu-eyc” anlayışı Amerika kütləvi informasiya vasitələrində 1980-ci illərdə ortaya çıxsa da, nyu-eyc başlanğıcı daha öncələrə söykənməkdədir. Ayrı-ayrı hissələri hələ 1960-cı illərdə formalaşıb, gəlişmiş subkultura kimi isə artıq 1970-ci illərdə mövcud idi. Nyu-eycin sələfləri teosofiya, spiritizm və XİX əsrin sonu - XX əsrin əvvəllərindəki başqa mistik axınlardır, məsələn, transsendentalizm, mesmerizm, astrologiya, magiya, kimyagərlik, kabbala və paranormal hadisələr.

Nyu-eycin ilkin yaranma şərtləri

Nyu-eyc bir çox səbəblərdən əmələ gəlib. Onlardan önəmli olanlar bunlardır:
- savadın altyapı səviyyəsinin yüksəlməsi , əlaqə vasitələrinin, kütləvi informasiya və nəşr vasitələrinin gəlişməsi;
- xristianlıq basqısının zəifləməsi və azadfikirliliyin gəlişməsi;
- xüsusən XX əsrdə özünü göstərən elmi və mistik dünyagörüşlərinin bir-birindən ayrılması.

Nyu-eycin ilkin gəlişməsi

Upanişadların ilk tərcümələrindən və Yaponiyanın kəşfindən sonra Şərq mədəniyyətinə maraq birdən-birə artır. İnformasiya hələ məhdud qalsa da, yeni bilgilərin qeyri-adiliyi onları dərk və təbliğ etmə cəhdlərinə sövq edir. Şərq doktrinasını sistematik şəkildə dərk edilməsini ilk dəfə XIX əsrdə yaranmış Teosofiya cəmiyyəti təklif etmişdi. Bu cəmiyyətin əsasını Yelena Petrovna Blavatskayanın əsərləri təşkil edirdi. Şərq ənənələrinə olan maraq dalğası bir sıra ciddi araşdırmalara səbəb olur. Bundan başqa, qərb ölkələrində şərq inanclarının missionerləri və təbliğatçıları aktivləşir. New Age terminini Teosofiya cəmiyyətinin liderlərindən biri - Alisa Beyli daxil etmişdir. Nyu-eyc Fond Findqorn (Findhorn Foundation) adlı beynəlxalq qurum 1962-ci ildə Şotlandiyada yaranmışdı. Rusiyada nyu-eycin inkişafına Rerixlər (bəzən Rörixlər də deyirlər) ailəsi təsir göstərmişdir: rəssam Nikolay Konstantinoviç Rerix, onun xanımı Yelena İvanovna Rerix və bunların övladları - şərqşünas Yuri Nikolayeviç Rerix və rəssam Svyatoslav Nikolayeviç Rerix. Almaniyada Rudolf Şteynerin başçılığı ilə antroposoflar hərəkatı güclənməyə başlayır. Braziliyada yazar-spiritualist Allan Kardekin təsiri altında Kandomble və Umbanda afrobraziliya ənənələri yaranır.

Nyu-eycin 1980-cı
illərdə kütləvi inkişafı

1980-cı ildə nyu-eyc bir çox ölkələri təsirləndirir, dini sektalardan tutmuş idman və sağlamlıq qruplarınadək cürbəcür axınlar əmələ gəlir. Adətən nyu-eyc dəstələri bir və ya bir neçə ənənəyə bağlanır ki, bunlar da yeni yanaşım tərzi ilə təfsir edilir və geniş istifadə edilən texnologiyaya çevrilir. Nyu-eyc cərəyanlarını təşkil edən populyar elementlər bunlardır:
- yoqa gimnastikası, tsiqun və ya tayçziçüan idmanı, eləcə də bu təməl əsasında qurulan və ya onları yamsılayan gimnastika və ya güləş növləri;
- yoqa, Çin və ya buddist meditasiya üsulları, dinamik meditasiya;
- kontaktsız massaj, reyklər, loğmanlıq növləri;
- mistik qruplar, mantraların oxunması, mərasim keçirmələr, ruhani ierarxiya;
- psixodelik praktikalar, astral uçuşlar, mediumik daxilolmalar, mistik məxluqlar və başqa planet sakinləri ilə əlaqə yaratmalar;
- məişət magiyası (sehrbazlığı), cadu, ovsunlar, sehrli əşya, kristal, müxtəlif cihazlar, fala baxmalar;
- yeni din və sektalar, yeni cahiliyyəlik, şamanizm.

Nyu-eyc inamının müddəaları

Nyu-eyc qruplarının baxışları müxtəlif olsa da, çox istifadə edilən bir neçə səciyyəvi müddəaları qeyd etmək mümkündür.
- Bütün dinlərin birliyi (bütün dinlər eyni həqiqəti təsbit edir, müxtəlif yollar eyni realizasiyaya aparıb çıxarır). Bu tezis çox vaxt nyu-eyc ədəbiyyatında qeyri-tənqidi, bir-birinə uyğun gəlməyən təlimlərin populyar qarışığına gətirib çıxarır.
- Doğuşdan, doğuşa şüurun birbaşa keçməsi ilə ruhun yeni bədəndə doğulmasına inam.
- Karmik səbəbiyyətə və talenin keçmiş həyatdakı hadisələrlə sıx əlaqəsinə inam.
- Sahilsiz bir enerji okeanı kimi bütün canlıların vahidliyi duyğusu.
- Ağıl və zəkanın məhdudluğu haqda təsəvvür, “ali mən”in və “transpersonal reallığın” mövcudluğu.
- Mürəkkəb ruhani təbəqələşməyə və ayrı-ayrı müəllimlərin ali mərhələlərə yüksəlməsi imkanına inam.
- Fövqəltəbii və transpersonal varlıqlara, məleykələrə, şeytanlara, başqa planetdən gəlmişlərə, ruhlara, səmavi müəllimlərə inam.
- Elm, mistika və dinin birliyi haqda təsəvvürlər.
- Xeyir, Sevgi və Nur qüvvələrinə ümumi inam.
- Anlaşılmaz mistik adətlərin dərin mənasına inam və mərasimçiliyə hörmət.
Bu cür təsəvvürlərlə bağlı nyu-eycdə hər dəstənin ayrıca, özünəməxsus dəyərləri formalaşır:
- Ali ruhani nailiyyətlər dəyəri (nirvana, samadxi,açınım, realizasiya).
- Qeyri-adi hadisələri görmə qabiliyyəti dəyəri (mediumlar, qeybdən xəbərvermə, əlaqəçilər, astral aləmlərin qonaqları, psixonavtlar).
- Ümumhumanist dəyərlər (məhəbbət, ruhani birlik duyğusu).
- Düzgün həyat tərzi (vegetarianlıq, nəfs saxlama, xeyir, mərasim düzgünlüyünə riayət və b.)
- Seçilmişliyin, açınımın, sirrə qoşulmanın və qapalı ruhani qardaşlığa daxil edilmənin dəyəri.
Nyu-eyc fəlsəfəsinin müddəaları bir-birinə o qədər də uyğun olmasa da, nyu-eyc nümayəndələri ali, transpersonal, dərkedilməz və sirli olana üz tutaraq bunları uyğunlaşdırmağa çalışır. Bu da nyu-eyc fəlsəfəsinə tənqidə böyük dayanıqlıq və pozitiv yön verməkdədir.

Nyu-eyc və dinlər

Nyu-eyc əksər vaxt çox sadələşdirilmiş və kütlə üçün asanlaşdırılmış hansısa bir dünyəvi dinin və ya bir neçə dinin populyar qarışığı əsasında saysız-hesabsız dini qruplar, ruhani təşkilat və sektalar formalaşdırır. Nyu-eyc ədəbiyyatında ən cazibəli induizm olsa da, bir çox induist icmaları demək olar ki, avropalıların üzünə bağlıdır, çünki avropalılar doğulandan kastalara daxil deyillər. Buna görə də nyu-eyc induizmi adı altında yoqa, meditasiya məktəbləri, məsələn, Oşo və ya Satya Sai Baba kimi öz təlimlərini genişlədən və ya daha çox qərbli tələbələrə yönələn ayrı-ayrı aktivist-təbliğatçılar fəaliyyət göstərir. Son zamanlar nyu-eycin içindən bir sıra yeni yerli və beynəlxalq dinlər və sektalar ortaya çıxmışdır:
- İlk növbədə çoxtərəfli dinamik meditasiyalar sistemi yaratmış Oşonun adını çəkmək gərəkdir.
- Müxtəlif ustalardan başlayan, xüsusilə də sufi məktəbləri inkişaf edir.
- Q.İ.Qurdjıyevin hazırladığı və P.D.Uspenski tərəfindən gəlişdirilmiş sufiliyə bənzər insan tərəqqisi sistemi.
- Çin ustaları və onların tələbələrinin başçılığı ilə bir çox Şərq güləşi növləri və gimnastika mərkəzləri açıldı.
- Yaki hinduları ənənələrinə müraciət edən Karlos Kastaneda təlimi geniş populyarlıq qazandı.
Nyu-eycin Şərq ölkələrinə əks təsiri yeni dinlərin sürətlə artması və onların nəzarətdən çıxmasına səbəb olmuşdur.
- Populyar fransız spiritizminin təsiri altında Vyetnamda Kao Day dini yaranır və özünə bir neçə milyon tərəfdar toplayır.
- Yaponiyada induizm və tantrik buddizm, xristianlıq və elmi fantastikanın qarışığını təbliğ edən Aum Sinrikö cəmiyyəti terror fəaliyyətinə qoşulmuş oldu.
Çox vaxt nyu-eycin təsiri altında nisbətən azsaylı ənənələr güclü deformasiyaya uğrayır və kütlə mədəniyyəti və ya kommersiya maraqlarının xətrinə istiqamətini dəyişir. Bunlardan ən parlaq hadisə: Amerika hinduları “ağ şamanlar” tərəfindən ənənələrinin bayağılaşdırılmasına görə kəskin protestlə çıxış etmişlər. Onların fikrincə, kommersiyanın qısamüddətli maraqlarına görə cəmiyyətin ənənəvi düzümü deformasiya edilmişdir.

Nyu-eyc və tibb

Nyu-eycin təsiri altında xalq təbabətindən tutmuş psixoterapiyaya qədər, müxtəlif effektli və gərəkli olan leqal və qeyri-leqal müxtəlif qeyri-ənənəvi tibb üsullarından istifadə edən bir çox loğmanlıq cərəyanları yaranır. Ənənəvi Şərq məktəblərindən (akupunktura, ayurveda) başqa Qərbdə bu kimi yeni cərəyanlar əmələ gəlir:
- reyklər, ekstrasensorika və kontaktsız massaj;
- şaman müalicəvi mərasimləri;
- müxtəlif psixoterapiya fəaliyyəti;
- dini mərasim praktikaları.
Yeni cərəyanlar ənənəvi tibbin insanın bütün sistemlərinə xolistik yanaşmasını pisləyirlər. Müxtəlif ölkələrdə qeyri-ənənəvi tibbə münasibət fərqlidir. Bəzi metodlar rəsmi qəbul edilir, bəziləri müəyyən sertifikatlar tələb edir, bəzilərinə isə qadağa qoyulur və təqib edilir. Qeyri-ənənəvi tibbin və sağlamlıq praktikasının əsasında adətən bunlar durur:
- insan orqanlarının və həyat gücünü qidalandıran enerji haqda (prana, tsi) müddəa;
- fikri cəmləşdirməklə, psixiki praktika və ya energetik piramidalar, talisman və s. köməyi ilə insanın enerji sistemlərinə təsirin mümkünlüyü haqda təsəvvür;
- Çin təbabətindən götürülmüş insanın bütün enerji sistemlərinin balansı haqda müddəa.

Nyu-eyc və mədəniyyət

Şərq ölkələrində səyahət edəndən və yaşayandan sonra bəzi yaradıcı adamlar nyu-eyc ideyalarından incəsənətdə yeni janrlar yaratmağa istifadə etdilər. Belə ki, indi Qərbdə populyar bir musiqi və mahnı janrı nyu-eyc adlanır. Bu janr Şərq motivləri və dualarının bir çox musiqi alətləriylə ifa etməsi ilə səciyyələnir. Məsələn, Karunech, Osha, Gohi, Kitaro və b. Tez-tez meditasiyalar üçün istifadə edilir.

Nyu-eyc və tənqid

Nyu-eyc müxtəlif mövqelərdən tənqidə, bəzən də boykota tutulur. Elmi-rasional tənqid nyu-eycin bir çox müddəalarının dərin subyektivliyinə, təkrar olunmamasına və yoxlana bilməməsinə işarə edir. Tibb və mistik üsulların elmə gətirilməsi və ya nyu-eyc müddəalarına elmi görünüş vermə cəhdləri rasional tənqidə tutulur. Xüsusən, fizika analoqu kimi “biosahə”, “personal maqnetizm” anlayışlarının daxil edilməsi. Dini ənənələrin nümayəndələri nyu-eyci dərinliyi və varisliyi olmamasına görə tənqid edirlər. Bir çox ənənəvi inancların nümayəndələri min illər boyu yığılan bilgilərin kommersiyalaşdırılması, populyarlaşdırılması, bayağılaşdırılmasından (profanasiyasından) ehtiyatlanaraq, həm də nyu-eyc təmsilçilərinin ənənə və qayda-qanuna, disiplinə tabe olmaq istəmədiklərini gördükdə nyu-eycə şübhə ilə yanaşırlar.
Mədəniyyət və fəlsəfə nümayəndələri nyu-eyci səthiliyinə, sistemsizliyinə və populizminə görə tənqid edir, çünki bu cəhətlərin hesabına daha incə və dərin təlimlər kölgədə qalır və gəlişmir.
Xristianlığın ənənəvi qolları, xüsusən də pravoslavçılıq, nyu-eycə olduqca mənfi yanaşır və bu axın ardıcıllarının özlərini ruhani aldatma təhlükəsinə soxduqlarından xəbərdar edir.
Tənqidçilərin haqlı tənqidlərinə baxmayaraq, nyu-eyc çərçivəsində autentik ənənələrin qorunmasına, müxtəlif fəlsəfələrin sistematik dərki və müqayisəsi istiqamətində olan praktika və təfəkkür üsulları, ümumhumanist fəlsəfəsinin işlənilməsi, din, fəlsəfə və elmin birləşməsi, xalqlararası bir-birini anlama, xoş ünsiyyət yaratma cəhdli ciddi cərəyanlar da yaranır.
MƏNBƏ "ALMA" QƏZETİ
Back to top Go down
http://fenomen.azerbaijaniforum.com
 
New Age - ”Yeni Era”
Back to top 
Page 1 of 1

Permissions in this forum:You cannot reply to topics in this forum
 :: Relax :: Maraqlı hadisələr, xəbərlər-
Jump to: